Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AEMA) Botanika İnstitutunun Herbari kolleksiyasının virtual herbari şəbəkəsinə qoşulması üçün yeni imkanlar yaradılır. İnstitutun Elmi İnformasiya və İnnovasiya şöbəsindən APA-ya verilən xəbərə görə, Herbaridə saxlanılan dəyərli tip nümunələrinin rəqəmsallaşdırılaraq məlumat bazasına daxil edilməsi üçün yaxın günlərdə AMEA Botanika İnstitutu və Andrew W. Mellon Fondu (ABŞ) arasında Əməkdaşlıq haqqında Razılaşma imzalanıb və İnstitut Qlobal Bitki Təşəbbüsünə (GPI) qoşulub. Nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün Andrew W.Mellon Fondu tərəfindən qrant ayrılıb. Bu əməkdaşlıq çərçivəsində Botanika İnstitutunun gənc mütəxəssisinin Kyu Kral Botanika Bağında (Böyük Britaniya) tip nümunələrinin rəqəmsallaşdırılması və herbari məlumatlarının hazırlanması üzrə treninq keçməsi nəzərdə tutulub. AMEA Botanika İnstitutunun Herbari Fondunda Azərbaycanın zəngin bitki örtüyünü, həmçinin ilk dəfə elm üçün Azərbaycan ərazisindən təsvir edilmiş bitki növlərinin tip nümunələrini əks etdirən uzun illərdən bəri toplanmış 600 000 nüsxədən ibarət zəngin herbari kolleksiyası saxlanılır.
Qlobal Bitki Təşəbbüsü dünya bitkilərinin koordinasiya olunan məlumat və təsvirlər bazasını yaratmağa yönəldilmiş beynəlxalq herbarium əməkdaşlığıdır. Hazırda 70-dən çox ölkənin 260-dan çox herbariumu bu əməkdaşlığa daxildir və onun bazasında təxminən 2 140 000 təsvir və onlarla əlaqəli obyektlər saxlanılır ki, bunlardan 1 500 000-dən çoxu tip və tarixi nümunələrdir.