Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli gündəlikdəki məsələlər barədə məlumat verib.
AMEA-da aparılan islahatlar haqqında məlumat verən akademik idarəetmədən tutmuş elmi tədqiqatlara qədər informasiya texnologiyalarının tətbiqi, idarəetmənin avtomatlaşdırılması, AMEA-da magistraturanın açılması, elmi işçilərin xarici ölkələrdə təcrübə keçməsi, gənclərin elmi fəaliyyətə cəlb edilməsi, elmi işlərin səmərəliliyinin artırılması, sosial məsələlərin həlli, iş şəraitinin yaxşılaşdırılması, əmək intizamı və s. məsələlərdən danışaraq qarşıda duran vəzifələr haqqında fikir və tövsiyələrini bildirib.
Sonra gündəlikdəki məsələlər haqqında Elmi Şura üzvlərinin təklif və rəyləri dinlənilib. AMEA-da keçirilən islahatlara uyğun olaraq Ədəbiyyat İnstitutunda ehtiyac duyulan sahələrdə islahatların aparılması məqbul sayılıb, yekun olaraq bir sıra şöbələrin strukturunda dəyişikliklər edilməsi haqqında qərarlar qəbul edilib. Tədbirdə Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi ilə bağlı göstərişlər verilib. Daha sonra institutun akademik struktur vahidlərinin 2013-cü ilin I yarısındakı elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatlar dinlənilib.