Azərbaycanda virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanunvericiliyin ilin sonunadək qəbul olunacağı gözlənilir.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, hazırda virtual aktivlər sahəsində qanunvericilik təşəbbüsü aidiyyəti dövlət qurumları tərəfindən nəzərdən keçirilir.
V.Xəlilov bildirib ki, qanunvericiliyin qəbul edilməsi blokçeyn və maliyyə texnologiyaları (fintex) sahəsində yeni məhsulların sınaqdan keçirilməsi və tətbiqi üçün hüquqi imkanlar yaradacaq.
Mərkəzi Bank rəsmisi qeyd edib ki, rəqəmsal transformasiyanın inkişafında dövlətin əsas rolu innovasiyaları dəstəkləyən və riskəsaslı yanaşmaya söykənən tənzimləmə mühitinin formalaşdırılmasıdır. Onun sözlərinə görə, məhz belə yanaşma maliyyə sektorunda innovativ həllərin tətbiqini sürətləndirə bilər.