“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Astara rayonunda “Açıq Qapı” - bələdiyyələrdə gənclərin iştirakçılığının artırılması” adlı layihə icra olunub.
Bu haqda APA-ya layihə rəhbəri, assosiasiyanın icraçı direktoru Fariz Budaqov məlumat verib.
Layihənin açılışında Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi, Astara bələdiyyəsinin nümayəndələri iştirak ediblər. Layihənin məqsədi regionlarda gənclərin bələdiyyələrin işində, qərarların qəbulunda iştirakçılığının artırılması, bələdiyyə-gənclər əməkdaşlığının gücləndirilməsinə, aktiv vətəndaşlığın artırılmasına töhfə verilməsi, gənclərin bələdiyyələr qarşısında sosial təşəbbüskarlığının artırılması, gənclərin problemlərinin həllində bələdiyyələrin rolunun artırılması, bələdiyyə-könüllü əməkdaşlığının gücləndirilməsi, region gənclərində bələdiyyələrə marağın artırılmasıdır.
Layihə çərçivəsində 4 gün ərzində Astara rayonunda fəaliyyət göstərən bələdiyyə rəhbərləri ilə gənclərin müzakirəsi təşkil olunub. Müzakirələr zamanı “Gənclərin bələdiyyələrdə qərarların qəbulu prosesində iştirakı, ictimai iştirakçılıq”, “gənclərin sosial təşəbbüslərinin bələdiyyələr tərəfindən dəstəklənməsi”, “bələdiyyə fəaliyyətinin şəfafflığı: məlumatlandırma işində gənclərin iştirakı, “bələdiyyələrdə könüllü fəaliyyətin canlandırılması”, “sosial proqramların icrasında gənclərin iştirakı”, “ekoloji proqramların icrasında gənclərin iştirakı” kimi mövzulara diqqət yetirilib. Gənclər işçi qruplarda müzakirələr apararaq təkliflər hazırlayıblar. Müzakirələrdən sonra gənclərə “bələdiyyələrin işində könüllülər “mövzusunda təlimlər də keçirilib.
Layihə çərçivəsində Astara bələdiyyəsi nəzdində bələdiyyə - gənclər komitəsi yaradılıb. Məqsəd bələdiyyələrdə gənclərin iştirakının təmin olunması, gənclərlə bağlı məslələrin həllində koordinasiya etməkdir. Ayda bir dəfədən az olmayaraq komitələrin iclası keçiriləcək, gənclər tərəfindən təkliflər veriləcək. Bu təkliflər bələdiyyələrin gənclər sahəsində işinin qurulmasında əhəmiyyətli olacaq. Eyni zamanda layihə çərçivəsində könüllülər qrupu da yaradılıb.
Layihə çərçivəsində Astara bələdiyyəsində “Açıq qapı günü“ aksiyası keçirilib. Bu aksiya vasitəsilə daha çox gənclər bələdiyyələrin işi, onların funksiyaları, rolları, vəzifələri haqqında məlumat əldə ediblər. Gənclər tərəfindən suallar verilib, maraqlı müzakirələr aparılıb.
Layihə çərçivəsində müxtəlif çap məhsulları - bukletlər, cib təqvimləri, yazılı köynəklər birbaşa və dolayı iştirakçılar arasında paylanıb.