Bakı. Könül Kamilqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərində günü uzadılmış qrupların yaradılmasını təklif edir.
BŞTİ-dən APA-ya verilən xəbərə görə, Təhsil Nazirliyinin təlimat məktubuna əsasən ümumtəhsil məktəblərində günü uzadılmış qruplar çox müstəsna hallarda, bufet və ya yeməkxana olduğu, şagirdlərə isti yemək verildiyi, onların gündüz yuxusu təmin edildiyi və məktəblərdə növbəliliyin artmasına təsir etmədiyi təqdirdə açıla bilər.
Günü uzadılmış qrupların təşkili günün tələbidir və onun hər məktəbdə açılması vacibdir. Çünki belə qruplar həm şagirdlərin dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkilinə kömək edir, həm də valideynlər üçün uşaqlarının rahatlığı deməkdir.
Günü uzadılmış qrupların təşkilində əsas şərtlərdən biri olan isti yeməyin verilməsi və gündüz yuxusunun təmin edilməsində valideynlərin də dəstəyi nəticəsində bu kimi qrupların təşkili vacibdir. Lakin göstərilən təlimat məktubunun tələbləri bu qrupların açılmasında bir əngəldir.