Bakı. Könül Kamilqızı - APA. 4-7 mart tarixlərində QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun (QF) Direktorlar Şurasının 31-ci iclası keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dünyada İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizədə əsas aparıcı beynəlxalq təşkilat olan Qlobal Fond öz fəaliyyətinin yeni mərhələsinin tətbiqinə başlaması haqda qəbul edəcəyi qərarla yadda qalacaq iclas, İndoneziyanın Cakarta şəhərində təşkil olunub. Toplantıda Qlobal Fonddan maliyyə dəstəyi alan 150-dən çox dünya ölkələri, Qlobal Fonda maliyyə yardımı göstərən donor ölkələr, habelə Beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Tədbirdə Qlobal Fond Yeni Maliyyələşdirmə Modelinin uğurlu tətbiqi üçün bir sıra maliyyə və strateji sənədlərin qəbulu nəzərdə tutulub.
Fond 2002-ci ildən başlayaraq, üç xəstəliyə qarşı mübarizədə dünyanın 150-dən artıq ölkəsinə yardım göstərib. Fondun maliyyə dəstəyi ilə 2013-cü ilin sonunda İİV/QİÇS-dən əziyyət çəkən 6,1 milyon insan antiretrovirus terapiyası ilə əhatə olunub, 11,2 milyon vərəm xəstəsi aşkarlanaraq müalicəyə cəlb edilib, malyariya ilə mübarizədə 360 milyon insektisidlərlə işlənilmiş miçətkənlər ailələrə paylanıb.
Azərbaycan 2005-ci ildən Qlobal Fondla əməkdaşlıq edir və bu istiqamətdə bir sıra birgə uğurlu layihələr həyata keçirib. Hazırda QF-un 31-ci iclasında qəbul olunacaq qərarlardan sonra Azərbaycan Qlobal Fondla öz əməkdaşlığının növbəti 5 illik fəaliyyət mərhələsinə başlayacaq. Bu məqsədlə, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası Qlobal Fonda rəsmi olaraq müraciət edib və mart ayının sonunda bunla bağlı Fondun qərarı açıqlanacaq.
Toplantıda bir sıra məsələlərlə yanaşı Qlobal Fondun Maliyyə Komitəsinə hər iki ildən bir seçilən sədr vəzifəsinin icra edəcək nümayəndənin təqdimatı da olacaq. Bu dəfə Maliyyə Komitəsinə sədrlik etmək Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının sədr müavini Soltan Məmmədova həvalə edilib.