Bakı – APA. Sentyabrın 16-da - Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da mərasimdə iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezidentə məlumat verib. Bildirilib ki, 1850 şagird yerlik məktəb üç tədris korpusundan və bir yardımçı binadan ibarətdir. Əsaslı təmir və yenidənqurma işləri bu ilin mayında başlanıb, qısa müddətdə məktəbin bütün sinif otaqları, fənn kabinetləri, yeməkxanası, kitabxanası, akt və idman zalları təmir edilib, yüksək standartlara uyğun şərait yaradılıb.
Yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüb, yeni dərs ili münasibətilə onları təbrik edib.
Sonda xatirə şəkli çəkdirilib.