Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, Azərbaycan Dillər Universitetinin ixtisaslarının (“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Dil və ədəbiyyat müəllimliyi (rus dili və ədəbiyyatı müəllimliyi)”, “İbtidai sinif müəllimliyi”, “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” və “Beynəlxalq münasibətlər ixtisasları” istisna olmaqla) seçiminə bəzi məhdudiyyətlər qoyulub. Belə ki, “Xarici dil müəllimliyi (alman dili)”, “Tərcümə (Alman dili)”, “Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı müəllimliyi)”, “Regionşünaslıq (Almaniya üzrə)” və “Filologiya (alman dili və ədəbiyyatı)” ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi alman dilini qeyd etmiş abituriyentlər seçə bilərlər.
Bundan əlavə, “Xarici dil müəllimliyi (fransiz dili)”, “Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi)”, “Regionşünaslıq (Fransa üzrə)” və “Filologiya (fransız dili və ədəbiyyatı)” ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi fransız dilini qeyd etmiş abituriyentlər, digər ixtisasları isə yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini (“Regionşünaslıq (Ərəb ölkələri üzrə)” ixtisasında ingilis və ya ərəb dilini) qeyd etmiş abituriyentlər seçə bilər.
Xəzər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” və “Tərcümə (ingilis dili)” ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini qeyd etmiş abituriyentlər seçə bilər.
Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisasını qəbul imtahanlarından əvvəl ərizə qəbulu mərhələsində hərbi həkim komissiyasından keçən və ümumi balı 450-dən az olmayan yalnız oğlanlar, Bakı İslam Universitetinin ixtisaslarını iyulun 1-dən 6-dək bu təhsil müəssisəsində yaradılmış dini-psixoloji komissiyadan müvəffəqiyyətlə keçən və ümumi balı 100-dən az olmayan abituriyentlər, Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi”, və “Elektrik mühəndisliyi” ixtisasları üzrə müsabiqədə yalnız oğlan abituriyentlər, Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini qeyd etmiş abituriyentlər, “Uçuş mühəndisliyi” ixtisasını həmin təhsil müəssisəsində xüsusi tibbi müayinədən, “Psixofizioloji peşə seçimi” və “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət müsabiqələrindən uğurla keçmiş və 23 yaşına çatmamış oğlan abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasını isə xüsusi tibbi müayinədən, “Psixofizioloji peşə seçimi” və “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət müsabiqələrindən keçmiş və 23 yaşına çatmamış həm qız, həm oğlan abituriyentlər seçə bilər.