APA-nın xəbərinə görə, bu, ölkə prezidenti İlham Əliyevin dünən təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulub. Proqrama əsasən, “Qaynar xətt” Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə yaradılacaq.
“Qaynar xətt”in 2013-2014-cü illər ərzində AMEA, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılması nəzərdə tutulub.
Proqramda həmçinin ali təhsil müəssisələrində “Nitq mədəniyyəti” fənninin tədris olunması, dövlət idarəçiliyində, KİV-lərdə Azərbaycan ədəbi dilinin düzgün istifadəsi məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi öz əksini tapıb.