Bakı. Aynur Əliyeva. APA-Economics. Dövlət Sosial Müdafiə Fondu 2012-ci ilin sentyabr ayının sonundan bu ilin iyunun sonuna qədər qeydiyyata düşənlərin sayı 600 min nəfəri keçib.
“APA-Economics”ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov bildirib.
“Bu, böyük göstəricidir. Buna görə də 6 ayın qeyri-büdcə sektorunun məcburi dövlət sosial sığorta haqqının proqnozunu 80 mln. manata yaxın sadə gəlirlərlə artıqlaması ilə yerinə yetirmişik. Ötən gün mənə təqdim olunan məlumata görə, bu ayın əvvəlinə hesabımızda olan sərbəst qalıq 70 mln. manata yaxındır. Bu, qeydiyyata düşən və sosial sığorta haqqı ödəyən yeni şəxslərin hesabına baş verir”, - deyə S.Müslümov bildirib.
Fondun sədri deyib ki, yeni sistem sayəsində fərdi məlumatlarına dair məktubları alan şəxslər 2013-cü ilin yanvarın 1-də öz fərdi şəxsi hesablarında nə qədər pensiya kapitalının toplandığını görəcəklər: “Həmin pensiya kapitalını hansı mənbələrdən, hansı işə götürənlərdən daxil olduğunu görə biləcək və təbii ki, bundan sonra məbləğlərdə hər hansı narazılıqlar olarsa, o zaman öz işə götürənləri ilə bu məsələ ilə bağlı danışıqlar apara biləcəklər. Yəni işçilərin bu sahədə işə götürən üzərində nəzarəti təmin olunmuş olacaq”.
S.Müslümov bildirib ki, məktubların markasız paylanması ilə bağlı Rabitə və Texnologiyalar Nazirliyi ilə danışıqlar aparılacaq: “Əgər razılıq əldə olunmazsa, biz tender elan edəcəyik. Elə özəl şirkətlər var ki, onlarla münasib qiymətlərə razılaşmaq olar”.