Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda orta məktəblərin IX sinfini “əla” qiymətlərlə bitirənlərə xüsusi nümunəli şəhadətnamə verilir. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, həmin şagirdlərə pul mükafatının verilməsi hüquqi-normativ sənədlərdə nəzərdə tutulmayıb. Ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən şagirdlər, mövcud qaydalara uyğun olaraq, qızıl və ya gümüş medalla təltif olunurlar. Ümumi orta təhsil haqqında şəhadətnaməyə yazılan bütün fənlər üzrə yekun qiymətləri “5” olan məzunlara xüsusi nümunəli şəhadətnamə verilir.
Bundan əlavə, I sinfə qəbulla bağlı mövcud qaydalara da aydınlıq gətirilib. Bildirilib ki, I sinfə qəbul zamanı uşağın doğum haqqında şəhadətnaməsinin notarius tərəfindən təsdiq olunmuş surəti ilə yanaşı, sağlamlığı haqqında arayış da tələb edilir: “Həmin arayış uşağın tibbi uçotda olduğu tibb müəssisəsi tərəfindən verilir. Heç bir məktəb rəhbəri bu arayışı almaq üçün valideyni məcburən özəl klinikaya göndərə bilməz. Məktəbli formasını isə valideynlər müəyyən edilmiş mağazalardan hazır alırlar”.