Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tərəfindən lisey və gimnaziyalara şagird qəbulu ilə əlaqədar ümumi qaydalar hazırlanır. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, növbəti illərdə valideynlərin narahatlığına səbəb olan hallar baş verməyəcək.
Qeyd olunub ki, lisey və gimnaziyalarda mövcud tədris proqramlarının yerinə yetirilməsində çətinlik çəkən uşaqların digər ümumi təhsil məktəbinə keçirilməsi həmin lisey və gimnaziyaların nizamnamələri ilə tənzimlənir.
Təhsil Nazirliyi tərəfindən müəllimlərlə bağlı verilən bəzi sualları da cavablandırılıb. Bildirilib ki, təhsil müəssisələrində yüksək peşəkarlığı və elmi-metodik hazırlığı ilə fərqlənən müəllimlərlə yanaşı, müasir tələblərə cavab verməyən bəzi müəllimlər də var: “Belə müəllimlər ixtisasartırma kurslarına cəlb olunur, onlar üçün yerlərdə öyrədici seminar və treninqlər təşkil edilir. Eyni zamanda son bir neçə ildir ki, müəllimlərin işə qəbulu Təhsil Nazirliyində təşkil edilən test vasitəsi ilə həyata keçirilir. Bu, hazırlıqsız müəllimlərin məktəblərə təyin olunmasının qarşısının alınmasında mühüm rol oynayır. Şagird və valideynləri qane etməyən konkret müəllimlərə münasibətdə ictimaiyyət də prinsipial mövqe tutmalıdır. Bu işdə valideyn komitələri, valideyn-məktəb assosiasiyaları fəallıq göstərməli, öz fikirlərini açıq bildirməlidir”.