Bakı. Mübariz Aslanov - APA. Azərbaycan İnzibati Xətalar Məcəlləsinə malların üzərində nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı ilə bağlı yeni maddə əlavə olunub.
Milli Məclisdən APA-ya verilən məlumata görə, yeni əlavə olunan 205-1-ci maddəsinə nəzərdə tutulan müddəa ilə bağlı yüksək cərimələr nəzərdə tutulur.
Yeni maddədə göstərilir ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunların tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, fiziki şəxslər 1000 manat miqdarında, vəzifəli şəxslər 2 min manat miqdarında, hüquqi şəxslər isə 3 min manat miqdarında cərimə olunacaqlar.
Layihə Milli Məclisin aprelin 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.