APA-nın xəbərinə görə, Dövlət Agentliyinin beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Azad Cəfərov bildirib ki, Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının daim artan sayını nəzərə alsaq, bu hadisənin əhəmiyyətini qiymətləndirməmək mümkün deyil.
Onun sözlərinə görə, bu gündən etibarən Azərbaycanda yaşayan bütün xarici ölkə vətəndaşları elektron hökumətin bərabərhüquqlu iştirakçısına çevrilərək həm Azərbaycanda, həm də onun hüdudlarında olmalarından asılı olmayaraq, müxtəlif e-xidmətlərdən, o cümlədən kommersiya fəaliyyəti ilə bağlı e-xidmətlərdən istifadə edə bilərlər: “Dövlət agentliyi tərəfindən dövlət xidmətlərinin vətəndaşlara daha da yaxınlaşdırılması, bu əlçatanlığa nail olunması istiqamətində mütəmadi işlər görülür. Azərbaycanda mobil imza artıq fəaliyyətdədir və bunun bilavasitə məqsədi dövlət xidmətlərinin vətəndaşlara əlçatanlığının təmin olunması, yerləşmə yerindən asılı olmayaraq hər bir vətəndaşın dövlət xidmətlərindən istifadə üçün imkanlarının formalaşdırılması və bundan çox sadə yolla tətbiqidir. Vətəndaşlar xidmətlərin onların yerlərinə və hərəkətinə uyğun olaraq tənzimlənməsini arzulayırlar. ASAN imza da hər bir mobil aparat istifadəçisinə belə bir fürsəti yaradıb. Bunun üçün heç bir karta ehtiyac yoxdur. Bu imzanı əldə edən şəxs həm ölkə həm də xaricdə bu xidmətlərdən istifadə edərək öz mənafeyinə uyğun dəyişə bilər. Beləliklə, bu, respublikamızda daimi yaşamaq hüququ olan digər dövlətin vətəndaşına verilən ilk elektron imzadır”.
Vergilər Nazirliyinin hüquq idarəsinin rəisi Samirə Musayeva bildirib ki, vətəndaşlar “Asan İmza”nı çox asanlıqla və rahat şəraitdə həm asan xidmət mərkəzlərində, Vergilər Nazirliyinin bütün xidmət mərkəzlərində əldə edə bilərlər. Onun sözlərinə görə, bir ünvana müraciət edən vətəndaş həm mobil operatorundan sim kartı əldə edəcək, digər tərəfdən həmin sim-kartda öz imzasını aktivləşdirə bilər: “Bunun vasitəsilə də bütün xidmətlərdən müasir dövrün bütün standartlarına uyğun olaraq çox asan və təhlükəsiz şəraitdə istifadə edə biləcək. Bu isə o deməkdir ki, artıq Azərbaycanda ASAN imzanı əldə edən hər bir şəxs bunun yüksək təhlükəsizlik standartlarına cavab verən həmin imzadan qarşılıqlı olaraq tanındığı digər dövlətlərdə istifadə edə biləcək. Azərbaycanda biznes imkanları olan bir şəxs digər ölkədə biznes tərəfdaşı olan digər şirkətlərlə sənədləri asan şəkildə ASAN imza ilə imzalaya biləcək. Artıq bir imzanı əldə etməklə vətəndaş çoxsaylı şifrə və parollardan azad olacaq. Bir imza vasitəsilə bütün dövlət və qeyri-dövlət təşkilatlarının elektron xidmətlərindən yararlana biləcəklər”.