Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilk həftəsində Təhsil Nazirliyinə 9 mindən çox ərizə qəbul olunub. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, 1-8 iyul tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 9029 müəllim sənəd verib. Onun sözlərinə görə, ərizə verənlərin içərisində ibtidai sinif müəllimləri üstünlük təşkil edir. Ərizə verənlərdən 2299-u İbtidai sinif, 1507-i İngilis dili, 1141 nəfəri Azərbaycan dili və ədəbiyyat, 820-si Riyaziyyat, 599-u Tarix, 389-u Coğrafiya, 364-ü Fizika, 361-i Biologiya fənni müəllimləridir.
Qeyd edək ki, Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqəyə iyulun 1-dən başlanıb və bu proses iyulun 15-dək davam edəcək. Ümumilikdə ölkənin ümumtəhsil məktəblərində vakant yerlərin sayı 3286-dır. Onlardan 493-ü Bakı şəhərində, 2793-ü isə respublikanın digər şəhər və rayonlarındadır. Həmin vakansiyalardan 2999-u Azərbaycan bölməsi, 187- i isə rus bölməsi üzrədir.