Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda onurğa əyriliyi-skalioz xəstəliyi ilə bağlı mövcud vəziyyət açıqlanıb.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, respublikanın baş travmatoloqu Vaqif Verdiyev jurnalistlərə açıqlamasında deyib ki, onurğa əyriliyi-skalioz çox ağır bir patologiyadır.
Bunun yaranmasının bir neçə səbəbinin olduğunu deyən V.Verdiyev vurğulayıb ki, bunlara anadangəlmə, səbəbi naməlum olan digər səbəblər daxildir. Baş travmatoloq qeyd edib ki, ölkədə hər 1000 nəfərdən 0,5% nəfərdə skalioz xəstəliyi müşahidə edilir. Onun sözlərinə görə, ancaq bu xəstələrin hamısı əməliyyat tələb etmir: “Vaxtında konservativ müalicə tədbirləri aparılırsa, bunun qarşısını almaq olur və ağır deformasiyaların qarşısı alınır. Ancaq ağır deformasiyalar əmələ gəldikdə, bunun cərrahi müalicəsi mürəkkəb, riskli və lazımi implantları çox baha olan bir əməliyyatla nəticələnir. Xaricdə bu əməliyyatlarım qiyməti 15-40 min manata başa gəlir. Əməliyyat çox mürəkkəb olduğundan, onun qiyməti də bahadır. Ona görə də çalışmaq lazımdır ki, uşaqlıq, gənclik dövründə bunun qarşısı alınsın və gələcəkdə belə problemlə əmələ gəlməsin”.
V.Verdiyev qeyd edib ki, ortopediya, travmatologiyaya dair problemlər insanlarda doğum evindən ölənə qədər müşahidə edilir. Onun sözlərinə görə, bunun sadəcə uşaqlarda və yaşlılarda rast gəlinən formaları olur: “Yaşlılara xas olan xəstəliklər daha çox yaşla əlaqədar olan degenerativ xəstəliklər və deformasiyalardır. Ona görə də əhaliyə tövsiyə edirəm ki, sağlamlığını qoruyub saxlasın və nəticədə həkimə müraciət etməyə ehtiyacı olmasın”.