Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu Fiziki və kimyəvi analizlər laboratoriyası Böyük Qafqazın cənub-şərq hissəsində eroziyaya məruz qalmış açıq-boz qəhvəyi torpaqların məhsuldarlığının artırılması istiqamətində tədqiqat işi aparır.
İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, mövzunun ümumi dəyəri 162,2 min manat təşkil edir. Artıq 3 ildir aparılan araşdırmanın bu ilin sonunda yekunlaşması planlaşdırılır.
“Qobustan rayonu ərazisində eroziyaya məruz qalmış açıq boz-qəhvəyi (şabalıdı) torpaqların məhsuldarlığının artırılması və tədbirlərinin işlənilib hazırlanması” mövzu başlığı altında yerinə yetirilən bu tədqiqat işinə laboratoriyanın müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirvari Məmmədova rəhbərlik edir. Tədqiqatın məqsədi Dağlıq Şirvanın dağətəyi dəmyə şəraitində eroziyaya uğramış torpaqların münbitliyinin yaxşılaşdırılmasında xaşa bitkisi və mineral gübrələrin rolunu müəyyənləşdirməkdən ibarətdir.
Yekun nəticə olaraq aparılan tədqiqatlardan məlum olub ki, eroziyaya uğramış açıq boz-qəhvəyi (şabalıdı) torpaqlarda münbitliyin yaxşılaşdırılmasında mineral gübrələrin verilməsi ən yaxşı tədbirlərdən biridir. Hesabat dövrü ərzində tədqiqat işini əhatə edən 2 elmi məqalə açıq mətbuatda dərc olunaraq institutun Metodik Şurasında müzakirəyə təqdim edilib.