Bank Of Baku

Azərbaycanda zəif görən insanların mobil telefonlardan istifadə etməsi üçün yeni sistem yaradılıb

Azərbaycanda zəif görən insanların mobil telefonlardan istifadə etməsi üçün yeni sistem yaradılıb
# 16 may 2013 13:48 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun "Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları" laboratoriyasının rəhbəri Kamil Aydazadə bildirib.

 

Onun sözlərinə görə, sistem Azərbaycan dilində latın qrafikası ilə yazılmış yazıların mobil telefon vasitəsilə tanınıb səsləndirilməsi üçün işlənilib. Yeni yaradılan sistem görmə məhdudiyyəti olan insanlar tərəfindən müstəqil formada istifadə edilə bilər: “Məhdud görmə qabiliyyəti olan insanlar üçün əsas problemlərdən biri müstəqil olaraq kitab və jurnal kimi ənənəvi məlumat mənbələrindən məlumatın əldə edilməsidir. Görmə qabiliyyətini itirmiş insanlar üçün qabarıq nöqtələrdən təşkil edilmiş xüsusi Breyl kodu əsasında hazırlanmış kitablar mövcuddur, lakin həcm baxımından bu kitablar adi kitablardan daha çox yer tuturlar. Bu kitabların digər çatışmayan cəhəti, onların tez sıradan çıxması və məhdud sayda olmasıdır. Ölkədə audio kitabların da həcmi çox azdır.

 

Məhdud görmə qabiliyyəti olan insanların asanlıqla yazı məlumatını əldə etməsi üçün, onu danışıq formasına çevirib səsləndirmək gərəkdir. Görmə qüsuru olan insanlar üçün yazıları tanıma sistemini mobil telefonlar üçün hazırlamaq daha məqsədəuyğun sayılır”.

 

K. Aydazadə deyib ki, yeni sistem özündə həm kamera, həm səsləndirmə qurğusu, həm də məlumatı emal etmək üçün prosessor cəmləşdirir.  Android platforması əsasında hazırlanmış proqram vasitəsilə Azərbaycan dilindəki çap mətninin təsviri kamera vasitəsilə çəkilərək, ilkin emal edilir, tanınır və tanımadan sonra səsləndirilir: “Beləliklə də, mobil telefonuna bu proqramı yükləyən zəif görən insan istənilən mətni rahat şəkildə eşidə bilər. İstərdik ki,  bu sistemdən Azərbaycandakı gözdən əlillər yararlana bilsinlər. Bu layihəni ölkədəki mobil operatorlardan birinə təklif etdik. Təəssüf ki, adətən həmin təşkilatlarda elmi layihələr mütəxəssislər tərəfindən qiymətləndirilmir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR