Bakı. Könül Kamilqızı - APA. Mayın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru buludluğunun artacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, günün ikinci yarısında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 12-17 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da mayın 7-də günün ikinci yarısından bəzi şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişiləcəyi, şimşək çaxacağı, yağış yağacağı gözənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 10-15 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza gəlincə, uzun müddət davam edən mülayim və isti hava şəraitindən sonra mayın 7-8-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.