Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın səhiyyə sahəsində Vahid Qan Bankı sistemi yaradılıb. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən APA-ya verilən xəbərə görə, “Vahid Qan Bankı” sistemi donorların qeydiyyatının və onların qan analizinin alınması, müayinə və donorluq məlumatlarının, qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması üçün formalaşdırılıb. Sistem Qeydiyyat modulu (donorun qeydiyyata alınması), Laboratoriya modulu (ilkin qan analizi), Həkim müayinəsi modulu (fiziki müayinələrin qeydiyyatı), Qan alma (donorun qan məlumatlarının daxil edilməsi), Qan istək (digər müəssisələrdən tələb olunan qan haqda məlumatlar), İstək qarşılama (qan tələb olunan müəssisəyə göndərişin daxil edilməsi), Depo əməliyyatları (bazada qalan qan ehtiyatı) kimi modullardan ibarətdir.
Sistem Mərkəzi Qan Bankının region üzrə bütün şöbələrinə quraşdırılacaq. Hazırda Qan Bankının Sumqayıt şöbəsində tətbiq edilib.