Bakı. Könül Kamilqızı – APA. “Təhsil Nazirliyi olaraq Azərbaycanda təhsilin informasiyalaşdırılması sistemində hədəflər dəyişilməzdir. Lakin texnologiyaların inkişafını nəzərə alaraq, bu hədəflərə çatmaq üçün yeni texnologiyalardan istifadə edilməlidir”. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov deyib. O bildirib ki, nazirlik olaraq orta təhsil sistemində elektron dərsliklərə keçidin də tədricən təmin olunması məqsədəuyğun hesab edilir. O xatırladıb ki, artıq bir sıra aparıcı dövlətlərdə bu keçid müşahidə olunur: “Şagirdin yaradıcılığına imkan yaradan interaktiv elektron vasitələrin yaradılması, saxlanılması və yayılması “Bulud” (Cloud) texnologiyaları vasitəsilə daha səmərəli və əlçatımlı olur. Bununla da fərdiləşmiş tədris üçün zəruri şərait yaranır və fərdi təhsil aləti olan netbook və planşet kompüterinə ehtiyac artır”.
S. Məmmədov qeyd edib ki, Azərbaycanda da tədricən fərdi kompüterlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında “Bulud” texnologiyalara keçidi tezləşdirəcək. Onun sözlərinə görə, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni “Təhsil Buludu”ndan istifadə etməklə, fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər. S. Məmmədov vurğulayıb ki, burada “ağıllı” məzmunun yaradılması və ya yerliləşdirilməsi üçün lazım olan infrastrukturun - Data Mərkəzin, elektron resurs üzrə ixtisaslaşmış yerli şirkətlərin, ekspertlərin və sürətli internet bağlantısının mövcudluğu həlledicidir: “Ümid edirik ki, sadalanan texnologiyalar yaxın gələcəkdə Azərbaycanın təhsil sistemində tətbiq ediləcək. Bu da bizə dünyanın effektiv təhsil modellərindən birini qurmağa imkan verəcək”.