Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyi problemləri” I respublika elmi konfransı keçirilib.
APA-nın məlumatına görə, konfransda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycanda İKT sahəsində əldə olunmuş uğurlar bilavasitə Heydər Əliyevin bu sahəyə olan diqqəti sahəsində əldə olunub. Konfransın ənənəvi xarakter almasının vacibliyini ifadə edən AMEA prezidenti informasiya təhlükəsizliyi problemlərinin
araşdırılması ilə bağlı AMEA-nın qarşısında duran başlıca məsələlərdən bəhs edib.
O, informasiya cəmiyyətinə inteqrasiyanın müsbət tərəfləri ilə yanaşı, mənfi xüsusiyyətini də qeyd edib: “Müasir dövrdə cəmiyyətin, dövlətin və əhalinin informasiyadan asılılığı get-gedə artır. Kibertəhlükəsizliyin təmini strateji məsələyə çevriləcək. İnformasiya resurslarının dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin olunması vacibdir. Hər bir dövlətin maraqları yalnız coğrafi məkanda deyil, virtual aləmdə də qorunmalıdır”.
AMEA prezidenti onu da deyib ki, təhlükəsiz informasiya cəmiyyətinin yaradılmasına çalışmaq, informasiya resurslarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumların və qeyri-qanuni müdaxilələrin qarşısının alınması üçün bütün qüvvələri səfərbər etmək lazımdır.
Sonra rabitə və informasiya texnologiyaları Əli Abbasov, Ombusdman Elmira Süleymanova və institutun direktoru Rasim Əliquliyev mövzu ilə bağlı çıxış ediblər.
Qeyd edək ki, iki gün davam edəcək konfransın “İnformasiya təhlükəsizliyinin humanitar problemləri” və “İnformasiya təhlükəsizliyinin texnoloji problemləri” üzrə seksiya iclaslarında informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində aktual məsələləri əhatə edən məruzələr dinləniləcək.