Bakı. Şamil Əlibəyli – APA. Bu gün Azərbaycan Dillər Universitetində Nelson Mandela Günü qeyd olunub. APA-nın məlumatına görə, Cənubi Afrikanın keçmiş prezidenti, qara dərili insanların hüquqları uğrunda mübarizə aparan Nelson Mandelanın 95 illik yubileyə həsr olunan tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk, Mandela Gününün təsis olunmasının tarixçəsindən danışıb. Daha sonra o, BMT-nin baş katibi Pan Gi Munun müraciətini oxuyub: “Nelson Mandela ömrünün 67 ilini insan hüquqları və sosial ədalətin əldə olunmasına həsr edib. Bu günü qeyd etməklə BMT Mandela Fonduna qoşularaq dünyanın hər yerində insanları 18 iyulda günlərinin 67 dəqiqəsini icma işinə həsr etməyə səsləyir”.
Sonra Nelson Mandelanın həyat yoluna həsr edilmiş qısa sənədli film nümayiş olunub.
Tədbirin sonunda qonaqlar Nelson Mandela barədə öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, N. Mandela 1918-ci ildə anadan olub və gənc yaşlarından ölkənin siyasi həyatında aktiv rol oynamağa başlayıb. 1962-ci ildə o, öz siyasi baxışlarına görə həbs edilib və yalnız 1990-cı ildə azadlığa buraxılıb. 1993-cü ildə Mandela qara dərili əhalinin hüquqlarını ardıcıl müdafiə etdiyinə görə Nobel Sülh Mükafatına layiq görülüb. BMT-nin 2009-cu ilin noyabr ayında qəbul etdiyi qərarla iyulun 18-i tarixi bütün dünyada Mandela Günü kimi qeyd olunur.