Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun təşkilatçılığı ilə Bakıda MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (MQS) Standartlaşdırma üzrə Elmi Texniki Komissiyasının 47-ci iclası başlayıb. APA-nın məlumatına görə, iclas iki gün davam edəcək.
Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib ki, iclasın gündəliyində 30-a yaxın məsələ var. Bura həm inzibati məsələlər, həm də müxtəlif sahələr üzrə regional standartların hazırlanması üzrə proqramların tərtib olunması daxildir. İclasda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın 2015-ci ilə qədər fəaliyyət planı, dövlətlərarası standartlaşdırmanın inkişaf etdirilməsi üzrə iş proqrammı, beynəlxalq standartlarla harmonizasiya məsələləri, bir sıra dövlətlərarası standartların qəbulu və ya ləğvi məsələləri müzakirə ediləcək.