“GL Group” və “Baker Hughes” şirkətləri arasında strateji əlaqələrin möhkəmləndirilməsinə və gələcək əməkdaşlıq üçün çərçivənin yaradılmasına yönəlmiş beşillik Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalanıb.
APA xəbər verir ki, əməkdaşlıq şirkətlərə hər bir tərəfin təcrübə, imkan və texnoloji ekspertizasından faydalanaraq qarşılıqlı faydalı imkanları araşdırmağa şərait yaradacaq. Əməkdaşlığın “GL Group”-un əməliyyat səmərəliliyinin artırılmasına, texniki potensialının inkişafına, qabaqcıl texnologiyalara çıxışının genişləndirilməsinə və Azərbaycanda uzunmüddətli inkişafına töhfə verəcəyi gözlənilir.
“Bu saziş “Baker Hughes” ilə tərəfdaşlığımızın möhkəmləndirilməsi və “GL Group”-un uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində mühüm addımdır. Bu tərəfdaşlıq bizim qlobal imkanlara, qabaqcıl texnologiyalara və əməliyyat mükəmməlliyinə çıxışımızı təmin edir. Bunlar davamlı inkişafımızı və uzunmüddətli uğurumuzu dəstəkləyəcək əsas amillərdir”, - deyə “GL Group”-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov bildirib.
“Baker Hughes bütün dünyada əməliyyat göstəricilərini yaxşılaşdıran, səmərəliliyi artıran və riskləri azaldan texnologiyalara davamlı olaraq sərmayə yatırır. Bu strateji əməkdaşlıq çərçivəsində məqsədimiz GL Group-un enerji aktivlərinin, eləcə də bütövlükdə regionun enerji sektorunun dəyərini maksimum dərəcədə artıracaq innovativ texnoloji həllər hazırlamaq və tətbiq etməkdir”, - deyə Baker Hughes şirkətinin Baş Vitse-Prezidenti Cim Seşns bildirib.
“GL Group” haqqında:
“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.