Bakı. Hafiz Heydərov – APA. Baş Prokurorluğun əməkdaşları Avropa Şurasının tədbirində iştirak ediblər. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 2-3-də Kiyev şəhərində Avropa Şurasının təşkilatçılığı ilə “Düzgün idarəçilik və korrupsiyaya qarşı mübarizə” layihəsi çərçivəsində “Hüquqi şəxslər tərəfindən törədilən hüquqpozmalara görə cinayət, inzibati və mülki məsuliyyətin tətbiqi ilə əlaqədar standartların implementasiyası” mövzusunda 2-ci regional məşğələ keçirilib.
Tədbirdə Azərbaycan baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin təşkilati və informasiya təminatı şöbəsinin prokuroru vəzifəsini icra edən Samir Mahmudov çıxış edərək Azərbaycan Respublikasında hüquqi şəxslərin mülki və inzibati məsuliyyətə cəlb edilməsinin hüquqi əsasları və təcrübəsi, gələcəkdə ölkə daxilində hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin tətbiqi istiqamətində cinayət qanunvericiliyində edilmiş dəyişikliklər və əlavələr, habelə bununla bağlı hazırlanan qanun layihələri barədə seminar iştirakçılarına məlumat verib və iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb.