Bank Of Baku

BMT-nin baş katibi ümumdünya psixi sağlamlıq günü ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi ümumdünya psixi sağlamlıq günü ilə bağlı müraciət yayıb
# 09 oktyabr 2013 12:40 (UTC +04:00)

Bakı-APA. BMT-nin baş katibi Pan Gi Mun ümumdünya psixi sağlamlıq günü ilə bağlı müraciət yayıb.

 

BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Dünya əhalisi insan nəsli qocalmaqda olduğunun getdikcə daha çox fərqinə varır. Əsrin ortalarınadək yaşı 60 və daha artıq olan insanların sayının ikiqat artacağı gözlənilir. Əgər 2000-ci ildə dünyada 605 milyondan bir qədər artıq yaşlı insan vardısa, 2050-ci ilədək bu rəqəm təqribən 2 milyard olacaq. Biz hamımız yaşlı nəsillərin səmimiyyətindən və müdrikliyindən bəhrələnə bilərik. Lakin bir çox insanlar xoşbəxt qocalıq dövrü yaşamaq istəsələr də, yaşı 60 və daha artıq olanların beşdə bir hissəsindən çoxu qazanılmış əqli zəiflik və depressiya kimi psixi və nevroloji xəstəliklərlə üzləşir.  

 

Səhiyyə işçiləri və yaşlı insanların özləri çox vaxt psixi sağlamlıq problemlərini etiraf etmirlər. Daha pisi də odur ki, insanlar psixi xəstəliklərindən utandıqları üçün çox vaxt yardım istəməyə tərəddüd edirlər. Yaşlı insanlar həmçinin fiziki laqeydliyə və hörmətsiz münasibətə – təhqiramiz yanaşmaya məruz qalırlar ki, bunun özü də psixi sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilir.

 

Builki Ümumdünya Psixi Sağlamlıq Günü diqqəti yaşlı insanlara yönəldir və bu problemlər barədə məlumatlılığı artırmaq və problemlərin öhdəsindən gəlmək imkanı təklif edir.

 

Biz irəliyə doğru addımlar atırıq. May ayında Ümumdünya Səhiyyə Assambleyası 2020-ci ilədək davam edəcək “Psixi sağlamlığa dair tam Tədbirlər Planı”nı qəbul edib. Planda qeyd edilir ki, psixi sağlamlıq problemlərinə effektiv cavab məqsədilə, sosial xidmətlər və səhiyyə xidmətləri bir araya gətirilməlidir. Plan, həmçinin, həyatın bütün mərhələlərində - körpəlikdən başlayaraq, uşaqlıq, gənclik, yaşlılıq və ahıllıq dövrlərinin hamısında sağlamlıqla bağlı və sosial ehtiyacları diqqətə almağa çağırır.

 

Bu gün – Ümumdünya Psixi Sağlamlıq Günündə hamını psixi xəstəlik problemləri yaşayan bütün insanlar, xüsusilə, yaşlı və xüsusi qayğıya ehtiyacı olan şəxslər naminə bu Tədbirlər Planını həyata keçirmək üçün daha böyük səylər göstərməyə çağırıram. Bu çağırışa şəfqətli cavabınız bütün cəmiyyət üçün faydalı olacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR