Bakı - APA. BMT-nin baş katibi Pan Gi Mun 8 iyun - Beynəlxalq Savadlılıq günü münasibətilə müraciət yayıb.
APA-nın xəbərinə görə, müraciətdə bildirilir ki, dünyada 773 milyondan çox gənc və yaşlı insan bu müraciəti oxuya bilmir: “Hələ də tam oxuyub yazmağı bacara bilməyən bu cür insanlar həmyerlilərimizin də sıralarında var. Onlar iş üçün ərizə formasını doldura bilməyəcək, avtobus cədvəlini oxuya bilməyəcək və öz övladlarına nağılı ucadan oxuya bilməyəcəklər. Onların üçdə ikisi cəmiyyətdə tam iştirak etmək üçün bu mühüm amildən məhrum olan qadınlardır”.
Baş katib qeyd edib ki, savadlılıq insanların sağlamlığı və qida rasionunu yaxşılaşdırmaq, dolanışıq imkanlarını genişləndirmək, ekoloji dəyişikliyə uyğunlaşmaq və məlumatlı seçim etmək üçün informasiyanın əldə olunmasına imkan verir: “Sərmayələri təhsil və savadlılığa yatırmaqla onları insanın şərəf və ləyaqətinə, inkişafa və sülhə yatırmış oluruq. Buna görə də mən hər bir uşağın məktəbə gedə bilməsini təmin etmək üçün Qlobal Təhsil üzrə Birinci Təşəbbüs irəli sürdüm. Dünyada ibtidai məktəb yaşında olan ən azı 250 milyon uşaq oxuya, yaza və saya bilmir. Bu oğlan və qızların yarısı heç vaxt məktəbə də getmir və ya dörd ili tamam olmamış dərsdən uzaqlaşdırılır. Orta məktəbi bitirənlər də daxil olmaqla digər 200 milyon yeniyetmənin isə əsas savadlılıq bacarıqları yoxdur, buna görə də bizim bu təşəbbüsümüz təhsilin keyfiyyətini yaxşılaşdırmaq, eləcə də qlobal vətəndaşlığın möhkəmləndirilməsini əhatə edir. Mən bütün ölkələri öz siyasətlərində təhsil və savadlılığı milli prioritet elan etməyə və bu məqsədlərə nail olmaq üçün cəmiyyətdəki tərəfdaşlarla birlikdə işləməyə çağırıram. Biz savadlılığı təşviq etməklə milyonlarla insanın həyatlarının və bizim ortaq gələcəyimizin yeni imkanlar fəslini yazmasına kömək etmiş olarıq”.