Bakı – APA. BMT baş katibi Pan Gi Mun ümumdünya humanitar yardım günü münasibətilə müraciətlə çıxış edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:
“Biz hər ilin 19 avqust tarixində, vəzifəsini yerinə yetirərkən öz həyatlarını itirmiş humanitar təşkilatların əməkdaşlarının xatirəsinə həsr olunmuş Ümumdünya Humanitar Yardım Gününü qeyd edirik. Biz humanitar təşkilat əməkdaşlarının çoxlarının gedə bilmədiyi və ya getmək istəmədikləri dünyanın hər bir yerində, hər gün, çox vaxt çətin və təhlükəli şəraitdə göstərdikləri fədakarlıqları xatırlayır və bizim xilasetmə öhdəliyimizə sadiq çıxdıqlarını təsdiq edirik. Bu il xüsusi nümayəndə Sergio Viera de Mellonun və 21 başqa BMT əməkdaşı və tərəfdaşlarının həlak olduğu BMT-nin Bağdaddakı qərargahına hücumun 10-cu ildönümüdür. Ümumdünya Humanitar Yardım Gününün təsis olunmasının səbəblərdən biri bu faciədir. Sergio Birləşmiş Millətlər Təşkilatının dəyərləri və missiyasını müdafiə edən fəal vəkil idi. O, bir neçə qitədə fəaliyyət göstərdiyi müddətdə görüşdüyü hər kəsin həyatında iz qoyub və milyonlarla yoxsul və aztəminatlı insanlara yardım edib. Onun həlak olması Birləşmiş Millətlər Təşkilatı üçün böyük itki oldu, amma onun miras qoyduğu əməllər insanların əksəriyyətini humanitar yardım işini davam etdirməyə həvəsləndirib. Bu il bizim Ümumdünya Humanitar Yardım Günü kampaniyası insanları belə bir suala cavab verməyə çağırır: Sizin fikrinizcə, dünyanın daha çox nəyə ehtiyacı var? Mən hər yerdən insanları www.worldhumanitarianday.org ünvanına daxil olaraq bircə sözlə nə düşündüklərini deməyə səsləyirəm. Mənim sözüm “sıx əməkdaşlıq”dır. Qlobal problemlərin mövcud olduğu bir vaxtda, sülh, ədalət, ləyaqət və inkişafa nail olmaq üçün xalqlar və ölkələr birlikdə çalışmalıdırlar. Bu, BMT-nin humanitar əmridir”.