Bakı. Gülnar Bəşirova-APA. Azərbaycanda bu ilin 8 ayı ərzində quduzluqdan ölən olmayıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova məlumat verib. O bildirib ki, dişləmə olduqda, onlara müraciət olunub və təcili olaraq profilaktik peyvənd vurulub.
Qeyd olunub ki, quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Bu viruslar həddindən artıq kiçik ölçüdə olub, filtrlərin məsamələrindən keçə bilən mikroorqanizmlərdən ibarətdir. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100% ölümlə nəticələnir.