Bakı – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
DSMF-dən “APA-Economics”ə verilən xəbərə görə, iclası giriş sözü ilə açan Fondun sədri Səlim Müslümov vurğulayıb ki, DSMF-nin gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2012-ci ildə də uğurla davam etdirilib.
İlkin məlumatlara əsasən, 2012-ci il ərzində DSMF-nin gəlirləri əvvəlki ilə nisbətən 355 mln. manat və ya 17% artaraq 2 mlrd. 475 mln. manat təşkil edib. Ötən il sosial sığorta haqları üzrə gəlirlər 2011-ci ilə nisbətən 16% artaraq 1 mlrd. 424 mln. manat olub: “Sosial sığorta daxilolmalarının 62%-i qeyri-büdcə təşkilatlarının payına düşüb, il ərzində qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqları üzrə proqnoz 114% yerinə yetirilib, bu sektordan 877 mln. manat və ya 2011-ci ilə nisbətən 159 mln. manat, yaxud 22,1% çox vəsait daxil olub. Bu, Fondun fəaliyyət dövrü ərzində proqnozun icrası üzrə ən yuxarı rəqəmdir. Qeyd olunan artım büdcə təşkilatlarından daxilolmalar üzrə yaranmış 90,7 mln. manat kəsirin aradan qaldırılmasına və 2013-cü il yanvarın 1-nə Fondun xəzinə hesabında 23 mln. manatlıq sərbəst qalığın yaranmasına imkan verib”.
S.Müslümov bildirib ki, Vergilər Nazirliyi, Dövlət Əmək Müfəttişliyi və DSMF-nin həyata keçirdiyi birgə tədbirlər nəticəsində il ərzində 300 minə yaxın sığortaolunan əlavə qeydiyyata alınıb. İl ərzində dövlət büdcəsinin transferti proqnozlaşdırılan həcmdə, yəni 1044 milyon manat təşkil edib. Fondun gəlirlərinin həcmi xərclərinin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2012-ci ildə Fondun xərcləri 2 mlrd. 457 mln. manat olub. Pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2012-ci il ərzində 2 404 mln. manat və ya 2011-ci ilə nisbətən 338 mln. manat çox vəsait sərf olunub, ödəmələr hər ay içərisində tamamlanıb.
DSMF sədri nəzərə çatdırıb ki, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2011-ci il üzrə 7,9%-lik inflyasiya səviyyəsində artım tətbiq edilib və bu artımın əvvəlki illərdən fərqi daha böyük kontingenti əhatə etməsi olub. Belə ki, 2011-ci ildə həyata keçirilən islahat nəticəsində 2011-ci il iyulun 1-nə qədər 85 manat pensiya almış 482 min nəfərin pensiyasının sığorta hissəsi formalaşdırılıb və onların da əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilib. Nəticədə bütün əmək pensiyaçılarının pensiyasının sığorta hissəsi artırılıb. Əmək pensiyalarının orta aylıq məbləği il ərzində 7 manat artaraq 152 manata, yaşa görə pensiyalar üzrə isə 168 manata çatıb. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 42,5%-ə qalxıb.
Sonda Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər. Kollegiya iclasında Fondun yerli orqanlarının 2012-ci ildəki fəaliyyəti ətraflı təhlil edilib və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub. İclasda Azərbaycan prezidentinin 2008-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda icrası 2013-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb.