Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) hər bir şəxs üzrə fərdi məlumatların öz sahibinə xüsusi məktubla çatdırılması sisteminin tətbiqinə başlayıb.
“APA-Economics”in xəbərinə görə, ilkin olaraq bu proses illik həyata keçiriləcək, tədricən bu proses 6 ay, sonra isə 3 aya endiriləcək.
Sistemin təqdimatında çıxış edən Fondun rəhbəri Səlim Müslümov bəyan edib ki, bir sözlə, 3 aydan bir vətəndaşların məlumatları yerləşdiriləcək, insanlar özləri haqda operativ məlumatlar əldə edə biləcəklər.
Yeni sistemi iş prosesini izah edən DSMF rəhbəri bildirib ki, 2014-cü ilin yanvar 1-nə qədər bütün məlumatlar toplayıb başa çatdırıldıqdan sonra bütün məbləğlər hesablandıqdan sonra növbəti yarım illiyin ilk günlərində bu prosesə start veriləcək: “İlk olaraq bu proses Səbayel rayonun sakinləri üçün gedir. Qeyd edim ki, bizdə olan texnika sayəsində 760 min məktub çap etmək mümkündür. Bu o deməkdir ki, bir ay müddətində Bakı ilə yanaşı, Abşeron və Sumqayıtı da əhatə edə biləcəyik”.
Qeyd edək ki, 2,580 mln. şəxs bu gün bu sistemdə qeydiyyatdadır.