Bakı. Şəhriyar Əlizadə - APA. Aprelin 17-də ədliyyə naziri Fikrət Məmmədov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Abşeron rayon Mədəniyyət Evində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında yaşayan, habelə Şuşa şəhəri və Qubadlı rayonundan olan məcburi köçkünlərin qəbulunu keçirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Səfər zamanı ədliyyə naziri rayon məhkəməsinə və ədliyyə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşüb, onların fəaliyyəti və iş şəraiti ilə tanış olub, problemlərlə maraqlanıb, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi və digər aidiyyəti tövsiyə və tapşırıqlarını verib.