Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ali təhsil müəssisələrində təhsil alan tələbələrin ətraf mühit və təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə maarifləndirici seminarlara start verilib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, layihə çərçivəsində ali təhsil müəssisələri tələbələri arasında ətraf mühitin mühafizəsinin vacibliyi ideyalarını geniş təbliğ etmək məqsədilə mühazirələrin oxunacağı nəzərdə tutulur.
İlk tədbir 10 aprel tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutub. Universitetin 100-ə yaxın tələbəsi ilə Ekologiya Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri arasında görüş keçirilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ali təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı çərçivəsində ölkədə fəaliyyət göstərən 30-dan artıq ali təhsil müəssisəsində “Ekoklub”lar yaradılıb və bu klublara ümumilikdə 1000-ə yaxın aktiv tələbə üzv olub.