Bakı. Etibar Məmmədov – APA. “Elm haqqında” qanunun son layihəsi üzərində müəyyən düzəlişlər aparılacaq. Hesab edirik ki, bu qanun qəbul edildikdən sonra elmin inkişafına böyük təkan verəcək”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib.
E.Babayev bildirib ki, bu qanun layihəsi ilə bağlı Fond tərəfindən müəyyən irad və təkliflər də irəli sürülüb: “Sənədin maddələrinin hər biri elmin inkişafına təkan verəcək. Hesab edirəm ki, bu qanunun qəbulu əslində çoxdan baş tutmalı idi, amma yenə də gec deyil”.
E.Babayev magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi təklifinə də münasibət bildirib: “Elmin inkişafına dəstək göstərən bütün qurumlar kimi, biz də bunun tərəfdarıyıq. Digər tərəfdən, gənc alimlərin şəraitinin yaxşılaşdırılması məsələsi davamlı olaraq baş tutmalıdır. Bu proses müntəzəm olaraq həyata keçirilməlidir”.