Bakı-APA. Hazırda 1,5 milyon nəfərədək əhali kontingentinə xidmət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş müraciətlərinin cavablandırılmasında elektron imkanlardan da istifadəyə xüsusi önəm verir.
APA-nın məlumatına görə, təkcə cari ilin ilk yarım illiyində nazirliyin (www.mlspp.gov.az və [email protected]) elektron xidmətlərinə 984 müraciət daxil olub və bu müraciətlər obyektiv və ədalətli şəkildə cavablandırılıb. Həmçinin Nazirliyin rəsmi “Facebook” səhifəsi vasitəsilə də vətəndaşlara nazir və nazirliyin digər rəhbər şəxslərinə müraciət etmək imkanı yaradılıb və cari ilin martında Nazirliyin rəsmi “Facebook” səhifəsində nazir Fizuli Ələkbərov tərəfindən 70-ə yaxın müraciət cavablandırılıb. Həmin gündən 1 iyul tarixinədək bu sosial şəbəkə vasitəsilə daha 157 müraciət qəbul edilərək cavablandırılması təmin olunub.