Lənkəran. Ağəddin Babayev - APA. Yanvarın 15-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Dünya Bankının dəstəyi ilə Lənkəran şəhərində daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı regional seminar keçirib.
APA-nın cənub bürosunun məlumatına görə, tədbir daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maarifləndirmənin daha da genişləndirilməsi, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılması, eyni zamanda dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərin qeydiyyat prosesinin praktik tərəfləri və prosedurları barədə hüquqi biliklərinin daha da artırılması, daşınmaz əmlakın qeydiyyatının iqtisadi və sosial səmərələrinin ictimaiyyətə çatdırılması məqsədi daşıyıb.
Tədbirdə ƏMDK-nın Aparatı və regional idarələrinin, Lənkəran, Lerik, Astara, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar və Astara rayonları üzrə dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, notariat orqanlarının nümayəndələri iştirakı ediblər.
Seminarda çıxış edən ƏMDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində ictimai maarifləndirmə istiqamətində təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı ictimai məlumatlandırma və hüquqi izahat işlərinin aparılması işini daim diqqətdə saxlayır. Qeyd olunub ki, komitə tərəfindən vətəndaşlara və maraqlı tərəflərə bu sahəyə dair qanunvericiliyin izahı, ictimai maarifləndirmənin təmin olunması, hüquqi və praktik biliklərin artırılması istiqamətində indiyədək bir çox tədbirlər həyata keçirilib və bundan sonra da davam etdiriləcəkdir.
Seminarda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı təqdimat nümayiş etdirilib. İlk öncə daşınmaz əmlakın qeydiyyatını həyata keçirən orqanlar və onların iş prinsipi, vəzifə və hüquqları barədə geniş söhbət açılıb. Daha sonra daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının hüquqi tərifi, bu sahəni tənzimləyən qanunvericilik bazası və qeydiyyat üçün qanuni əsaslar konkret və aydın şəkildə diqqətə çatdırılıb. Daşınmaz əmlakın qeydiyyatının vacibliyi, sosial-iqtisadi üstünlükləri, etibarlı əmlakın məhz dövlət qeydiyyatına alınmış əmlakın olduğu vurğulanıb. Bildirilib ki, daşınmaz əmlakla bağlı iqtisadi və hüquqi əməliyyatların, o cümlədən alqı-satqı, bağışlama, vərəsəlik və digər əməliyyatların aparılması üçün öncə mülkiyyət hüquqların dövlət qeydiyyatının olması zəruridir. Qeyd olunub ki, daşınmaz əmlakın qeydiyyatı həmin əmlakın etibarlılığının, hüquqi əsaslılığının və iqtisadi səmərəsinin təminatıdır.
Tədbirin gedişində daşınmaz əmlakın qeydiyyatı üçün zəruri olan hüquqi sənədlər, həmin sənədlərə dair tələblər, qeydiyyatın mərhələləri və müddətləri, hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi barədə izahatlar verilib. Dövlət reyestrinin aparılması qaydaları, hüquqların qeydiyyatının dayandırılması və imtinanın əsasları, öncədən qeydiyyat və qeydiyyatın ləğvi qaydalarından bəhs olunub. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının, ipotekanın dövlət qeydiyyatı, daşınmaz əmlakla bağlı idarəetmə, qəyyumluq və vərəsəlik məsələləri, qanunvericiliyin pozulmasına görə məsuliyyət barədə geniş izahlar verilib. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlər, əmlak barədə yüklülük arayışlarının onlayn rejimdə verilməsi barədə ətraflı məlumat verilib. Seminarda daşınmaz əmlakın vahid dövlət kadastrının mahiyyəti, bu sahədə normativ-hüquqi baza və Əmlak Məsələləri Dövlət Komitəsinin gördüyü işlərdən bəhs olunub. Daşınmaz əmlakın kadastrının növləri, strukturu, prinsipləri və mərhələləri barədə izahlar verilib. Kadastr uçotunun aparılması qaydaları və zəruriliyi, kadastr işinin texniki tərəfləri iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə daşınmaz əmlakın qeydiyyatının iqtisadi, sosial faydaları və nəticələri qeyd olunub. Vurğulanıb ki, hər bir vətəndaş üçün mülkiyyət hüquqlarının tanınması məsələsi mühüm əhəmiyyət daşıdığından bu sahədə hüquqi maariflənmənin təmin edilməsi son dərəcə zəruridir. Son illərdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində baş verən yeniliklər və sürətli inkişaf bu sahənin iqtisadi və sosial səmərəliliyini daha da artırır. Bu inkişafı şərtləndirən əsas faktorlar hüquqi bazanın təkmilləşməsi, qeydiyyat prosedurlarının sadələşməsi, qeydiyyat müddətlərin qısaldılması və elektron xidmətlərin tətbiqidir.
Tədbirin sonunda təqdimatla bağlı müzakirələr aparılıb, verilən suallar cavablandırılıb və iştirakçılar arasında yekun qiymətləndirmə aparılmaqla seminarla bağlı onların rəy və münasibəti öyrənilib.
ƏMDK-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə istiqamətində tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.