Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran şəhərinin Xəzər dənizinin sahilində yerləşən dövlət çimərliyində Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi (CRM) "2013-cü ilin yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması " mövzusunda maarifləndirici tədbir keçirib.
APA-nın cənub bürosunun məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd yay mövsümü ilə bağlı çimərliklərin təhlükəsizlik baxımından tam hazırlıq vəziyyətinə gətirilməsi, əhalinin çimərliklərdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirilməsi, çimərliklərdə sanitar-gigiyena qaydalarının tələblərinə əməl olunması, zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsindən ibarət olub.
FHN Cənub Regioal Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Cənub dalğıc axtarış qrupunun, Lənkəran xilasetmə məntəqəsinin, Lənkəran şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının, Lənkəran rayon gigiyena və epidemiologiya mərkəzinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, eləcə də şəhər sakinləri tədbirdə iştirak ediblər.
Şərti olaraq baş vermiş suda boğulma hadisəsi zamanı zərərçəkmişlərin xilas olunması, onlara ilkin tibbi yardımın göstərilməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə 1 ədəd “Mercedes Sprinter” markalı xüsusi xilasetmə avtomobili, 1 ədəd “Chevrolet-Niva” avtomobili, 1 ədəd təcili tibbi yardım avtomobili və 1 ədəd xilasetmə kateri xüsusi xialsetmə alət və avadanlıqları ilə birgə tədbirə cəlb olunub.
Şərti olaraq Cənub Regional Mərkəzinə daxil olan məlumata əsasən Lənkəran şəhərində yerləşən dövlət çimərliyində sudaboğulma hadisəsi baş verib. Məlumat daxil olduqdan dərhal sonra FHN Cənub Regional Mərkəzinin, DSXX-nin Cənub dalğıc axtarış qrupunun və Lənkəran xilasetmə məntəqəsinin şəxsi heyəti tərəfindən hadisə yerində zərərçəkmişlərin axtarışına başlanılıb, çimərlikdə toplaşan və səksəkə içində olan vətəndaşlara, eləcə də zərərçəkmişlərin qohumlarına xilasedicilər tərəfindən psixoloji yardım göstərilib.
Aparılan axtarış tədbirlərinin nəticəsi olaraq zərərçəkmişlər xilasedicilər tərəfindən tapılaraq ilkin tibbi yardım göstərildikdən sonra Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarına təhvil verilib. Daha sonra çimərlikdə əhali üçün təhlükə yarada biləcək maneələrin təmizlənməsi istiqamətində xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib, “Hansı hallarda 112 zəng mərkəzinə müraciət etmək olar” və “Çimərliklərdə təhlükəsizlik tədbirləri” mövzusunda hazırlanmış yaddaş kitabçaları əhali arasında paylanılıb.