Bakı. Şəhriyar Əlizadə - APA. “Ədliyyə sistemində geniş vüsət alan islahatlar nəticəsində nazirliyin səlahiyyətləri xeyli genişlənib, üzərinə bir çox mühüm vəzifələr qoyulub, ştat sayı 20 faizdən çox artırılıb”. APA-nın məlumatına görə, bu sözləri “Qanunçuluq” jurnalına müsahibəsində ədliyyə naziri Fikrət Məmmədov deyib.
F.Məmmədov nazirlik tərəfindən müxtəlif ədliyyə orqanlarına işə qəbulla bağlı mütəmadi olaraq müsabiqə və müsahibələr keçirildiyini bildirib: “Son illər keçirdiyimiz müsabiqələrdə iştirak etmiş 5 minədək şəxsdən 1500-ə qədəri müxtəlif ədliyyə orqanlarına işə qəbul olunub. Bu günlərdə bütün imtahanları və Ədliyyə Akademiyasında ilkin hazırlıq kurslarını müvəffəqiyyətlə keçmiş 101 nəfər yüksək hazırlıqlı gənc mütəxəssis ədliyyə orqanlarında təyinat alıb. Müsabiqə və müsahibədən uğur qazanmış 54 nəfərdən 60%-i icra xidmətinə, digərləri isə qeydiyyat və notariat orqanlarına, regional ədliyyə şöbələrinə, Əhalinin Dövlət Reyestri Xidmətinə, Ədliyyə Akademiyasına təyinat alıblar. Həmçinin 43 nəfər Penitensiar, 4 həkim isə Tibb xidmətlərinə təyinat alıb”.
Nazir F.Məmmədov ədliyyə orqanlarına qulluğa yeni qəbul olunmuş şəxslərin 80%-nin gənclər olduğunu söyləyib: “Qulluğa yeni qəbul olunmuş şəxslərin təxminən yarısı regionların təmsilçiləri, həmçinin əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq arzusunda olanlar, 15%-i isə qadınlardır”.