Bakı. Şəhriyar Əlizadə - APA. “Məhkəmə islahatı qısa müddətdə yekunlaşa bilməz. Və ümumiyyətlə mütərəqqi islahatlar daimi xarakter daşıyır”. APA-nın məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov “Qanunçuluq” jurnalına müsahibəsində deyib.
Son üç ildə 30-dan çox hakimin kobud qanun pozuntularına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılması barədə məsələyə də münasibət bildirən nazir Məhkəmə-Hüquq Şurasının insanların haqlı narazılığını doğuran hakimlərə qarşı daim tədbirlər gördüyünü bildirib: “Eyni zamanda onları əvəzləyəcək yüksək mənəvi keyfiyyətlərə malik hazırlıqlı gənc hüquqşünasların seçimi də diqqətdən kənarda qalmır. Məhz bu səbəbdən Azərbaycanda hakimliyə namizədlərin seçiminin Avropada ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilib. Bu prosedurlarla son illər ərzində 235 nəfər hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunublar. Hazırda hakim korpusunun 50 faizini, o cümlədən Bakı şəhərinin rayonları üzrə 80 faizini məhz bu hakimlər təşkil edir. Cari ildə isə 72 nəfər hakimliyə namizəd bütün imtahanları, o cümlədən bir il müddətində davam etmiş təlim mərhələsini və məhkəmələrdə stajkeçməni uğurla başa vuraraq, hakim vəzifəsinə layiq biliniblər. Qeyd etməliyəm ki, həmin namizədlərin hakim vəzifəsinə hazırlanması üçün Ədliyyə Akademiyasında keçirilən yüksək səviyyəli təlimlərdə insan haqlarının qorunması, Avropa məhkəməsinin presedentləri, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası və digər aktual mövzuların tədrisinə xüsusi əhəmiyyət verilib, onların Türkiyədə yarımaylıq təlimi təşkil edilib” .
Fikrət Məmmədov hakimliyə namizədlərin təyinatı ilə məhkəmə korpusunda mövcud olan vakansiyaların əksəriyyətinin komplektləşdirildiyini qeyd edib: “Bu da hakimlərin iş yükünün xeyli azalmasına səbəb olacaq. Təsəvvür edin, əgər cəmi bir neçə il bundan əvvəl Bakı şəhərinin rayon məhkəmələrində 41 hakim işləyirdisə, bu gün onların sayı artıq 100-ü ötüb. Apellyasiya Məhkəməsi hakimlərinin sayı isə 35-dən 120-dək yüksəlib. Təbii ki, bütün bunlar süründürməçiliyin aradan qaldırılmasını, vətəndaşların əsassız get-gələ salınmasının qarşısının alınmasını, nəhayət, işlərə daha keyfiyyətlə baxılmasını şərtləndirəcək”.