Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Gəncə şəhərinin yaşının müəyyənləşməsi ilə bağlı geniş arxeoloji qazıntıların aparılması təklif edilir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Regional Elmi Mərkəzinin (GREM) elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə APA-ya bildirib ki, indiyədək belə tədqiqatlar aparılmayıb: “Təəssüf ki, belə qazıntılar aparılmır. Regional mərkəz olaraq GREM-in belə gücü yoxdur. Bunu Arxeologiya və Etnoqrafiya İnstitutu eləməlidir. Arxeoloji ekspedisiyaları bu institut formalaşdırır. Dəfələrlə bu quruma məktubla müraciət edilib. Təəssüf ki, həddindən artıq strateji, siyasi əhəmiyyətə malik olan qədim və indiki Gəncə ərazisi üzrə ekspedisiya yoxdur”.
S. Pişnamazzadə deyib ki, Gəncənin yaşı ilə bağlı tədqiqatlar vaxtilə arxeoloq İsaq Cəfərzadə tərəfindən aparılıb: “Onun tədqiqatları Gəncənin yaşının 3000 ilə qədər olduğunu müəyyənləşdirmişdi. Lakin ondan sonra bu sahədə heç bir qazıntı getmir”.