Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Gəncə və Yevlax şəhərlərində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı” mövzusunda konfrans keçirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirlərdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən bəhs edib, dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb.
Bildirilib ki, bu gün Azərbaycanın iqtisadi inkişafı davamlı xarakter alıb, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilib.