Bakı. Ramil Məmmədli – APA. Gəncə şəhərinin 2013-cü ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclas keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər hesabat yığıncağında da ətraflı müzakirə olunub.
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, 2013-cü ilin yanvar-iyun aylarında şəhər sənayesində təsərrüfat subyektləri tərəfindən 86,3 milyon manatlıq məhsul istehsal olunub və xidmət göstərilib. Həmin dövrdə istehlakçılara 85 milyon 506 min manatlıq və ya bütün sənaye istehsalının 97,2 faizi qədər məhsul göndərilib, xidmətlər göstərilib. 2013-cü ilin birinci yarısında şəhərin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 118 milyon manatdan çox vəsait yönəldilib. 2012-ci illə müqayisədə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı 1,9 dəfə artıb.
E. Vəliyev şəhərdə əhalinin internet xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanlar özəl provayderlərin montaj tutumunun 20 min 705 nömrəyə çatdırılmasına imkan verib: “Gəncə şəhərindəki mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait yerli sahibkarlar tərəfindən şəhər iqtisadiyyatına yatırılan sərmayənin çoxalmasına, xarici sərmayəçilərin isə Gəncəyə marağının artmasına səbəb olmuşdur. 2013-cü ilin 6 ayı ərzində şəhər üzrə 33 hüquqi və 745 fiziki şəxs qeydiyyata alınıb ki, bu iqtisadi aktivliyi səciyyələndirən mühüm göstəricilərdəndir”.
İcra Hakimiyyətinin başçısı Gəncə Dövlət Filarmoniyasının, Nizami Gəncəvi Muzeyinin, Uşaq Yaradıcılıq və Məhsəti Gəncəvi adına Mərkəzlərin inşası sürətləndirildiyini qeyd edib: “Filarmoniya binası istisna olmaqla, qalan 3 obyektin cari ildə istifadəyə verilməsi nəzərdə tutulur. Gəncə şəhərində fəaliyyət göstərəcək "ASAN” Xidmət Mərkəzinin tikintisi sürətləndirilib”.
Yığıncaqda idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyətin nümayəndələri çıxış edərək əldə olunan nailiyyətlərdən danışıb, abadlıq və genişmiqyaslı quruculuq işlərinin davamı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.