Gəncə. Azər Məmmədli – APA. Gəncədə yeni stasionar mərasim evləri tikiləcək. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev şəhər fəallarının yığıncağında bildirib.
Onun sözlərinə görə, səyyar mağarların qurulması nəticəsində şəhərdə avtomobil yolları bağlanır və tıxaclar yaranır. E.Vəliyev qeyd edib ki, hazırda şəhərdə din xadimlərinin iştirakı ilə komissiya yaradılıb və səyyar xeyir-şər evlərinin sahibləri ilə danışıqlar aparılacaq: “Səyyar mərasim evlərinin sahiblərinə yeni mərasim evlərinin tikintisi üçün təkliflər olunacaq. Biz şəhər İcra Hakimiyyəti olaraq onları yerlə təmin edəcəyik. Onların işi orada yeni mərasim evlərinin tikintisi olacaq. Vətəndaşlar da öz mərasimlərini həmin evlərdə keçirəcəklər”.
E.Vəliyev ilkin mərhələdə iki mərasim evinin tikiləcəyini, daha sonra isə onların sayının artırılacağını bildirib.