Bakı. Ramil Məmmədli – APA. Ümumilikdə bu günə qədər Gənclər Fonduna 600-ə qədər layihə təqdim edilib. Onlardan 300-ə qədər fond tərəfindən maliyyələşdirilib.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti yanında Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov qurumun 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirdiyi tədbirdə deyib.
O bildirib ki, Gənclər Fondu 580 gündür fəaliyyət göstərir. Bu müddət ərzində 3 qrant müsabiqəsi elan olunub. Sonuncu qrant müsabiqəsi ilə bağlı müraciətlərin qəbulu isə avqustun 12-də başa çatacaq.
F.Qürbətov qeyd edib ki, bu müddət ərzində Gənclər Fonduna 871 müraciət qeydə alınıb: “Onlardan 461-i fərdi şəxslər, 410-u isə QHT-lərdir. Birinci qrant müsabiqəsi çərçivəsində 1 950 820 manat, ikinci qrant müsabiqəsinə isə 1 338 740 manat maliyyə vəsaiti ayrılıb. İkinci qrant müsabiqəsinə 387 layihə ilə müraciət edilib. Onlardan 177-si fond tərəfindən dəstəklənib”.
F.Qürbətov Gənclər Fondunun 110 ölkənin gənclər təşkilatları ilə əlaqə yaratdığını da xatırladıb.