Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun iyunun 27-də elan etdiyi qrant müsabiqəsi ilə əlaqədar olaraq respublikanın bir sıra şəhər və rayonlarında region gəncləri üçün müsabiqə şərtləri və müraciət qaydaları barədə təqdimatlar keçiriləcək. Fonddan APA-ya verilən məlumata görə, layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov və Fondun əməkdaşları Mübariz Qədirov və Ramin Cəfərov tərəfindən keçiriləcək təqdimatlar artıq start götürüb. Regional mərkəz olaraq seçilmiş şəhərlərdə qonşu bölgələrin də gəncləri iştirak edəcək. İlk təqdimatlar 8 iyul 2013-cü il tarixində Şamaxı (Mərəzə, Ağsu), Şirvan (Sabirabad, Hacıqabul), Qəbələ (İsmayıllı) və İmişlidə (Saatlı, Beyləqan) keçiriləcək. Növbəti təqdimatlar isə Şəki, Biləsuvar, Zaqatala, Lənkaran, Abşeron, Masallı, Göyçay, Yevlax, Sumqayıt, Bərdə, Ağcabədi, Gəncə, Xaçmaz, Şəmkir, Quba və Qazaxda keçiriləcək.