Bakı. Gülnar Bəşirova - APA. Gənclər və İdman Nazirliyi tərəfindən 200 məcburi köçkün gənc üçün kompüter kursları təşkil olunub.
APA-nın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud olan və internat məktəblərində təhsil alan yeniyetmə və gənclər üçün, həmçinin yay düşərgələri çərçivəsində 800 nəfər yeniyetmə və gənc üçün kompüter kursları təşkil edilib: "Aidiyyəti üzrə dövlət qurumları tərəfindən ənənəvi olaraq gənclər üçün əmək yarmarkalarının keçirilməsinə xüsusi önəm verilir. 2013-cü ilin I yarımilliyi ərzində respublika üzrə 18 dəfə əmək yarmarkası keçirilib. Yarmarkalarda 723 müəssisə və təşkilat tərəfindən 6673 vakant iş yeri təqdim olunub. Əmək bazarına gəncləri hazırlaşdırmaq məqsədilə dövlət və ictimai təşkilatlar tərəfindən “Karyera günü” və “Karyerada ilk addımlar” kimi layihələr uzunmüddətli əsaslarla həyata keçirilir. Layihələr çərçivəsində gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində işlər aparılır, yüzlərlə iş axtaran gənc “Əmək Birjası”nda qeydiyyata alınmış və peşə hazırlıqlarına göndərilib".
İ.Babayev gənclərin məşğulluğu məsələsinə də toxunub: "Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankı ilə birlikdə "Sosial Müdafiənin İnkişafı” layihəsini həyata keçirir, Avropa Sosial Xartiyasının müvafiq normaları ölkəmizdə tətbiq olunur, əlilliyi olan insanların məşğulluğu və əmək bazarına inteqrasiyası üzrə proqramlar həyata keçirilir".