Bakı - APA. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şabran rayonunun Gilavar kəndində 100 şagird yerlik yeni məktəb binası inşa edilib.
Fonddan APA-ya verilən məlumata görə, ümumi sahəsi 963 kv.m-lik birmərtəbəli məktəbdə 8 sinif otağı, laboratoriya, kitabxana və kompüter otağı yeni tədris vəsaiti, zəngin ədəbiyyat və müasir avadanlıqla təchiz olunub. İdman zalı və şahmat otağı ilə yanaşı, məktəbin həyətində futbol və basketbol meydançası salınmış, yaşıllaşdırma işləri aparılıb. Bina istilik sistemi və qazanxana ilə təchiz olunub.
Yevlax rayonu Kövər kəndinin məktəbliləri də yeni dərs ilini tam yenilənmiş məktəbdə qarşılayıblar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə kompleks şəkildə əsaslı təmir işləri 3 mərtəbəli tədris korpusunda və yardımçı binalarda aparılıb. Yenidən qurulan qazanxana və transformator yarımstansiyası binanı istilik və elektrik sistemi ilə təmin edir. Binada su, kanalizasiya sistemləri yenidən qurulmuş, kompleks idman meydançası yaradılıb. Ərazinin hasarı tamamilə yenidən inşa edilib, abadlaşdırılan məktəbyanı sahədə ağaclar əkilib, yaşıllıqlar salınıb.
Sinif otaqları və laboratoriyalar müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub.