Bakı. Könül Kamilqızı – APA. Ötən gün Bakıda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanı zamanı 8 nəfər təcili tibbi yardıma müraciət edib. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.
O bildirib ki, həkimə müraciət edənlərdən 6 nəfər abituriyent, 2 nəfər isə valideyn olub: “Müraciətlər əsasən nevrotik reaksiyalar, stress, həyəcanla bağlı olub. Bu məsələ abituriyentlərin imtahan prosesinə ciddi ziyan törətməyib. Onlara ilkin yardım göstərilib və abituriyentlər imtahan zalına qayıdaraq işlərinə davam ediblər”.
Oqtay Şahmalıyev qarşıdakı imtahanlarda iştirak edəcək abituriyentlərə və valideynlərə bəzi məsləhətlər verib. O bildirib ki, hər bir abituriyent imtahandan öncə yaxşı dincəlməlidir: “Bu həm abituriyent, həm də valideynlər üçün həyatın növbəti mərhələsi olduğu üçün həyəcan keçirirlər. Lakin çox həyəcanlanmasınlar və imtahandan keçə bilməsələr də, bunu özlərinə dərd etməsinlər. Həyat davam edir, bu il qəbul ola bilməyənlər gələn il yenidən imtahan verib arzularına çata bilərlər”.