Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “İnternetşünaslıq problemləri” elmi sektoru yaradılıb.
İnstitutdan APA-ya verilən xəbərə görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunda internetin texniki və sosial-humanitar problemləri ilə bağlı elmi-tədqiqat işləri aparılır və müəyyən elmi nəticələr əldə edilib.
İnstitutun Elmi Şurasının növbəti iclasında bu istiqamətdə aparılan elmi-tədqiqatları intensivləşdirmək, daha yaxşı əlaqələndirmək, səmərəliliyini artırmaq məqsədilə “İnformasiya cəmiyyəti problemləri” şöbəsinin nəzdində yeni elmi istiqamətin - “İnternetşünaslıq problemləri” sektorunun yaradılması qərara alınıb.
İclasda Elmi Şuranın qərarı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Rasim Mahmudov həmin sektorun müdiri təyin edilib.